Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Antiepileptik preparatlar

Bu bölmə Farmakologiya Kompakt kitabından götürülmüşdür.

 

Giriş  

Epileptik tutma mərkəzi sinir sistemi neyronlarının fokal və ya diffuz şəkildə elektrik aktivliyinin artması ilə xarakterizə olunan vəziyyətdir.   

Əksər hallarda etiologiya aşkarlana bilmir. Bununla belə neoplastik, travma və metabolik səbəblərə də az rast gəlinmir.   

 

Epileptik tutmaların təsnifatı  

Epileptik tutmalar iki qrupa bölünür: fokal və generalizə tutmalar.  

Fokal (parsial) tutmalar   – beynin yalnız bir hissəsini əhatə edən tutmalardır, əksərən öz başlanğıcını gicgah payından götürür.  

  • Sadə parsial tutmalar: Bir ətrafın və ya bir əzələ qrupunun səyirməsi baş verir, lakin şüur saxlanılır.  

  • Kompleks parsial tutmalar: Bir ətrafın və ya bir əzələ qrupunun səyirməsi ilə yanaşı şüurun itirilməsi də müşahidə olunur.  

  • İkincili generalizə tutmalar: Fokal tutmaların bir qismi ikincili olaraq, generalizə tutmalara çevrilir, yəni bir ətrafda başlayan səyirmələr bədən boyu digər əzələ qruplarına da yayılır və xəstə şüurunu itirir.  

Generalizə tutmalar – beyni diffuz əhatə edir:  

  • Absans (petit mal) – qısa (10 saniyə), təkrarlanan absans tutmaları (“mənasız baxış”). Postiktal konfuziya müşahidə edilmir.   

  • Mioklonik – sürətli, təkrarlanan səyirmələr  

  • Tonik – əzələ rigidliyi  

  • Tonik-klonik – tonik (rigidlik) və klonik (səyirmə) fazalar bir birini əvəz edir.  

  • Atonik – postural tonusun itirilməsi (yıxılma)  

Epileptik status 5 dəqiqədən daha artıq davam edən bir tutmaya və ya 5 dəqiqə içərisində 2 və ya daha çox tutmanın baş verməsinə deyilir.   

 

Epilepsiyanın patofiziologiyası  

Epilepsiyanın patofizologiyasında iki əsas səbəb yer tutur:  

  • NMDA reseptorlarının qlutamat tərəfindən hiperaktivasiyası  

  • QAYT reseptorlarının hipoaktivasiyası  

 

Farmakoloji strategiya  

Epilepsiyanın müalicəsində farmakoloji strategiya QAYT və qlutamatın təsirlərini tənzimləmək və ya birbaşa ion kanallarına təsir edərək neyronları “sakitləşdirməkdir”:  

  • QAYT reseptorlarını aktivləşdirməklə inhibitor təsir göstərmək:  

    • Benzodiazepinlər  

    • Barbituratlar  

     

  • Qlutamatın stimulyator effektini aşağı salmaq:  

    • Felbamat  

    • Topiramat  

     

  • Sürətli natrium kanallarını bağlamaq:  

    • Fenitoin  

    • Karbamazepin  

     

  • Talamus neyronlarında kalsiumun hüceyrə içinə girişinə mane olmaq:  

    • Etosuksimid  

    • Valproat  

    • Levetirasetam  

 

Antiepileptik preparatlar  

image-2.png  

 

Epilepsiyanın patofiziologiyası və antiepileptik preparatların təsir mexanizmi  

Şəkildən göründüyü kimi postsinaptik neyron ətrafında həm stimulyator (qıcıqlandırıcı), həm də inhibitor neyronlar yerləşir.   

İlk öncə stimulyator neyronun təsirini aydınlaşdıraq:   

  • Presinaptik neyrondan gələn fəaliyyət potensialı gərginlikdən asılı Na+ və Ca2+  kanallarının açılmasına səbəb olur (karbamazepin, lamotrigin, etosuksimid kimi preparatlar bu mərhələni blok edir). Hüceyrədaxili mühitdə artmış Na+ və Ca2+ ionları qlutamatın qovuqcuqlardan çıxaraq sinaptik boşluğa tökülməsinə şərait yaradır (levetirasetam SV2A proteinini inhibə edərək, qlutamatın qovuqcuqlardan relizini blok edir). Daha sonra qlutamat postsinaptik neyrondakı NMDA və AMPA reseptorlarına təsir edərək, müvafiq olaraq Ca2+ və Na+  ionlarının postsinaptik neyrona keçidini təmin edir. Nəticədə postsinaptik neyronda yaranan depolyarizasiya fəaliyyət potensialının davam etməsinə səbəb olur.   

İnhibitor neyronun təsiri isə aşağıdakı kimidir:  

  • İnhibitor neyrondan sinaptik boşluğa keçən QAYT eyniadlı reseptorlara təsir edərək, Cl- ionlarının postsinaptik neyrona keçməsini təmin edir (benzodiazepin və barbituratlar QAYT reseptorunu qıcıqlandıraraq, həmin təsirə səbəb olur). Hüceyrə içində artmış mənfi yük hiperpolyarizasiyaya səbəb olur, yəni postsinaptik neyronun qıcıqlandırılmasını çətinləşdirir. QAYT eyniadlı reseptora təsir göstərdikdən sonra, GAT1 reseptorları vasitəsilə presinaptik neyrona geri alınır (tiaqabin bu prosesi inhibə edir) və QAYT transaminaza fermenti vasitəsilə parçalanır (valproat bu fermenti inhibə edərək QAYT-ın yenidən sinaptik boşluğa çıxmasına şərait yaradır).  

 

Antiepileptik preparatların təsnifatı  

screenshot-924.png

 

Antiepileptik preparat seçimi zamanı klinik yanaşma  

Fokal tutmalar zamanı profilaktik müalicə:

İlk seçim:  

  • Lamotrigin  
  • Levetirasetam  

İkinci seçim:  

  • Karbamazepin  
  • Qabapentin  
  • Valproat  
  • Preqabalin  

Generalizə olunmuş tutmalar zamanı profilaktik müalicə:

İlk seçim:  

  • Valproat  

İkinci seçim:  

  • Lamotrigin  
  • Topiramat  

Epileptik status zamanı müalicə:

İlk seçim:  

  • Diazepam  
  • Midazolam  
  • Klonazepam  
  • Lorazepam  

Effektiv olmazsa:  

  • Levetirasetam  
  • Valproat  
  • Fenitoin  
  • Lakozamid