Kolonoskopiya
Giriş
Kolonoskopiya – yoğun bağırsaqların endoskop (kolonoskop) vasitəsilə aparılan müayinəsidir.
Tətbiq
Kolonoskopiyadan əvvəl aşağıdakı hazırlıq mərhələləri yerinə yetirilir:
- Müayinəyə minimum 12 saat qalmışdan etibarən qida qəbulu dayandırılır və bağırsaqların təmizlənməsi üçün işlədici vasitələr istifadə olunur.
- Xəstəyə sedativ preparat tətbiq edildikdən sonra elastik endoskop anusdan daxil edilərək çənbər bağırsaq vasitəsilə kor bağırsağa qədər yeridilir.
- Endoskop vasitəsilə bağırsağa hava üfürülərək həmin sahələr genişləndirilir, kamera vasitəsilə bağırsaq divarları vizual olaraq müayinə edilir.
- Endoskopun biopsiya alətləri vasitəsilə şübhəli toxumalardan nümunələr götürülür.
- Müayinə bitdikdən sonra endoskop yavaş-yavaş kor bağırsaqdan çıxarılaraq bağırsağın distal hissələrinə doğru geri çəkilir.
- Havanın fasiləsiz üfürülməsi ilə bağırsaq divarları yenidən araşdırılır və zəruri hallarda əlavə biopsiyalar götürülür.
Göstərişlər
Kolonoskopiya yoğun bağırsaqların əksər xəstəliklərində diaqnoz qoymaq üçün əsas üsul hesab edilir.
Müayinəyə əsas göstərişlər:
- Yoğun bağırsaq xərçəngləri
- Xroniki iltihabi bağırsaq xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi )
- Qanaxmalar
- Polipoz
- Divertikulyoz
Mümkün fəsadlar
Kolonoskopiya geniş tətbiq olunan təhlükəsiz müayinə metodudur. Lakin nadir hallarda aşağıdakı fəsadlar baş verə bilər:
- İnfeksiya
- Bağırsaq divarının zədələnməsi və qanaxma
- Sedasiya ilə əlaqədar ortaya çıxan ağırlaşmalar